20 noyabr 2024-cü il
tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşları “Empowering
Communities: The Case for Locally Led Adaptation in Climate Resilience” adlı tədbirdə
iştirak ediblər. Tədbir COP29 çərçivəsində Pakistan pavilyonunda keçirilib.
Tədbirdə müxtəlif ölkələrdən
Milli Cəmiyyətlərin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və
iqlim dəyişiklikləri ilə mübarizə üzrə ekspertlər iştirak ediblər. Tədbirin əsas
məqsədi icmaların gücləndirilməsi və yerli səviyyədə rəhbərlik edilən iqlimə
uyğunlaşma yanaşmalarının əhəmiyyətinin vurğulanması olub.
İştirakçılar yerli
icmaların iqlim dəyişikliklərinə davamlılığını artırmaq üçün həyata keçirilən
layihələr, qarşıya çıxan çətinliklər və əldə olunan nailiyyətlər barədə fikir
mübadiləsi aparıblar. Həmçinin, tədbirdə AzQAC-nin nümayəndələri Azərbaycanın
iqlimə uyğunlaşma sahəsində həyata keçirdiyi təşəbbüsləri və cəmiyyətin icma əsaslı
yanaşmaları barədə məlumat təqdim ediblər.